HAYIRLI SOHBET D | ELNUR UĞUR ABDİYEV (AZERBAYCAN)
Qonşumuzun oğlu vardı,
Hər gün Vətən damarı atardı.
Bir gün müharibə adlı qatar onu da apardı,
Getdi.
Sonuncu dəfə qatardan əl elədi geriyə.
Sevinirdi Vətəni azad edəcəkdi deyə.
Döyüşdən hər gün mərd sorağı
Dönürdü o igidin yerinə.
Kəndimiz sevinirdi
Belə oğul vermişdi Vətənə!
Bir gün qazi xəbəri gəldi kəndə,
Ayaqlarını mina aparmışdı.
Qonşum qayıtmışdı
Ayaqlarını xatirə saxlamışdı
Döyüş yoldaşları şəhid olan yerdə.
İndi ayaqları orda
Özü burda…
Qonşumun oğluna hər dəfə baxanda
Onun ayaqları olmaq istəyirəm
O ayaqlar ki, özündən qabaq şəhid olub,
Ölümsüzlük bulağından su içib.
O ayaqlar ki,
Sahibindən qabaq siratdan sorğusuz keçib.
Qaçıram qabağına hər görəndə
Əyilirəm dizi ilə torpağın arasındakı məsafəyə.
Birdən diksinirəm
Mən hələ o ucalığa yüksəlməmişəm.
O ayaqlar olmaq üçün,
Heç olmasa çox yox,
Bircə anlıq ağrını hiss edə biləsən.
Və qonşumun oğluna sual verirəm:
İncidirmi ayaqların səni?
Gülür:
Mənim ayaqlarım bütün Vətən…
Mən
Ağrıyanda daha dərindən dərk edirəm
Nə qədər xoşbəxtəm.
ELNUR UĞUR ABDİYEV/ AZERBAYCAN